Tikinti şirkətinin rəhbərliyi milyonlar qazanacaq deyə hansısa vətəndaş niyə ziyana düşməlidir?
Azinformasiya.Az xəbər verir ki, paytaxtda fəaliyyət göstərən MTK-lar bir çox hallarda tikinti təhlükəsizlik qaydalarına əməl etmir. Belə MTK-lar hündürmərtəbəli binalar inşa etsələr də, ətrafda yaşayan sakinləri nə düşünürlər, nə də onların qanunla qorunan hüquqlarına hörmətlə yanaşırlar. Bu zaman isə, vətəndaşlar əziyyət çəkməli olur. Belə tikinti şirkətlərindən biri də, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Şeyx Məhəmməd Xiyabani küçəsində bina inşa edən “Mahal” MTK tikinti şirkətidir. Bu şirkət binanın inşasına başladığı vaxtdan ətrafdakı insanlar üçün hər zaman təhlükə yaradıb. Hətta nəinki ətrafdakı insanlar üçün, həmçinin binanın inşası ilə məşğul olan fəhlələr üçün də təhlükə mənbəyi olub. Heç bir təhlükəsizlik qaydalarına riayət olunmadan fəhlələrin işlədilməsi buna misal idi. Və bu halla dəfələrlə ətrafda yaşayan sakinlər şahid olub. Amma nədənsə bu təhlükəli vəziyyəti, tikintiyə nəzarət edən qurumlar görməyib, yaxud da görmək istəməyib. Elə ona görə də, bu gün də “Mahal” MTK öz xoşagəlməz əməlini davam etdirir. Ətrafda yaşayan sakinlərə qarşı hörmətsiz yanaşan bina rəhbərliyi binanın fasadının bir hissəsində rəngləmə işi aparsa da, ətrafını fikirləşmir. Düşünmürlər ki, aşağıdan adam keçə bilər, yaxud avtomobillər ola bilər. Heç bir xəbərdaredici nişan qoyulmadan, heç bir qabaqlayıcı tədbir görülmədən iş görmələrinin ziyanını vətəndaşlar çəkir. Belə ki, “Leqal.info” İnformasiya Agentliyinin rəhbəri avtomobili qeyd olunan ərazidə saxlayıb, qayıdarkən nəqliyyat vasitəsinin üzərinin pis günə düşməsi ilə rastlaşıb. Yuxarı mərtəbədə binanın fasadına vurulan boya maddəsi sayt rəhbərinin avtomobilinin üzərinə tökülüb. Artıq ikinci dəfədir bu halla üzləşən sayt rəhbəri dövlət qurumlarından bu xoşagəlməz mənzərəyə son qoyulmağı xahiş edir.
Təbii ki, MTK rəhbərliyi vətəndaşa dəyən ziyanı qarşılamaqda maraqlı görünmür. Bu zaman isə digər sakinlər kimi, sayt rəhbəri də maddi ziyana düşmüş olur. “Mahal” MTK rəhbərliyi milyonlar qazanacaq deyə hansısa vətəndaş niyə ziyana düşməlidir? Tikintidə təhlükəsizlik qaydalarına əməl edilməli, aparılan tikinti işi ətrafda yaşayan sakinlərin istirahətini pozmamalı və onlara problem yaratmamalıdır.