“Mən Azərbaycan ilə İran arasındakı müntəzəm siyasi dialoqu və bir sıra sahələrdəki işbirliyimizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu gün qarşılıqlı faydalı əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır”.
Azinformasiya.Az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisiyə ünvanladığı məktubda öz əksini tapıb.
“Şübhəsiz, tarixi, əzəli torpaqlarımızın işğaldan azad olunması nəticəsində Azərbaycan-İran dövlət sərhədinin bərpası müxtəlif sahələrdəki mövcud potensialdan tam şəkildə yararlanmağa, nəqliyyat-kommunikasiya dəhlizlərinin gerçəkləşdirilməsində birgə iştiraka əlverişli şərait yaratmışdır. Bu baxımdan Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Biz ölkənizi təmsil edən şirkətlərin də yaxın gələcəkdə bu prosesdə iştirakını görməkdən məmnun olardıq.
İnanıram ki, xalqlarımızın mənafelərinə və ölkələrimizin maraqlarına xidmət edən Azərbaycan-İran münasibətləri bundan sonra da birgə səylərimizlə uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir”, – məktubda qeyd olunub.