“Media haqqında” yeni qanunun qəbul edilməsi hazırda son dərəcə aktualdır və əminliklə demək olar ki, zərurətə çevrilib. Bu qanun peşəkar media subyektləri və jurnalistlər üçün geniş imkanlar və potensial güzəşt və imtiyazlar üçün hüquqi əsas yaradacaq, ölkə mediasının daha yüksək inkişaf mərhələsinə keçidinə dəstək olacaqdır”.
AZİNFORMASİYA.AZ-ın xəbərinə görə, bu fikirlər Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun “Media islahatları: yeni hədəflərə doğru” məqaləsində yer alıb.
“Lakin unudulmamalıdır ki, media bir prosesdir və həmin prosesdə media subyektləri və jurnalistlər iştirakçıların yalnız bir qrupu – xəbərin, media məhsulunun istehsalçısıdırlar. Onlarla yanaşı həmin prosesdə bu media məhsullarının istehlakçıları – auditoriya, yəni qəzet və sayt oxucuları, televiziya tamaşaçıları, radio dinləyiciləri və s. da iştirak edir. Yeni qanun layihəsi hazırlanarkən Azərbaycanın Konstitusiyası, qanunvericilik bazası, beynəlxalq qanunvericilik və müxtəlif digər sənədlər nəzərə alınıb. Məsələn, Avropa Şurasının “Jurnalistika Etikası” ilə bağlı qəbul etdiyi Qətnamənin müddəalarına uyğun olaraq yeni layihədə bütün tərəflərin, o cümlədən media məhsulu islehlakçısının da maraqları nəzərə alınmış, onların hüquqlarının qorunması təmin edilib”, – o vurğulayıb.