Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.
Azinformasiya.Az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə V.Səfərli son söz deyib.
O, məhkəmədən bəraət istəyib.
Digər təqsirləndirilən N.Məmmədov da cinayət işi üzrə təqsirsiz olduğunu deyib.
Daha sonra məhkəmə müşavirə otağına yollanıb.
Müşavirədən qayıdan hakimlər kollegiyası hökmü elan edib.
Hökmə əsasən, V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Qeyd edilib ki, o, 3 il dövlət orqanlarında vəzifə tuta bilməz.
Digər təqsirləndirilən – N.Məmmədov 6 il, B.İsmayılov, Ə.Vəliyev, N.Məmmədov, B.Fətullayev, T.Xəlilov, T.Tahirov, V.Orucov, T.Yaqubova, Ş.İbrahimov və N.Hacıyevə müəyyən sınaq müddəti seçilməklə şərti cəza verilib.
Xatırladaq ki, dövlət ittihamçısı V.Səfərlinin 11 il, B.İsmayılov 7 il, Ə.Vəliyev 7 il, N.Məmmədov 7 il, B.Fətullayev 2 il, T.Xəlilov 2 il, T.Tahirov 7 il, V.Orucov 2 il, T.Yaqubova 6 il şərti, Ş.İbrahimov 2 il və N.Hacıyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.