Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması, habelə həmin subyektlərin fəaliyyətinə xitam verilməsi qaydaları müəyyənləşib.
Azinformasiya.Az xəbər verir ki, bu məsələ “Media haqqında” qanun layihəsində öz əksini tapıb.
Bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin 2 (iki) ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır:
– əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə ali təhsili olmayan şəxs idarəetmə orqanının rəhbəri vəzifəsinə təyin edildikdə;
– media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati tənbeh almış şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə;
– çap mediası və onlayn media subyektləri bu Qanunun 13.1-ci, 13.2-ci, çap mediası subyektləri isə həmçinin bu Qanunun 14.1-ci maddəsinin tələblərinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən il ərzində 3 (üç) dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntuları təkrar törətdikdə;
– çap mediası və onlayn media subyektinin fəaliyyətinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycanda təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsi (bu Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) aşkar edildikdə;
Həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda çap mediası və onlayn media subyektlərinin fəaliyyətinə xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırır.
Onlayn media subyekti tərəfindən bu Qanunun 14.1-ci maddəsinin tələbləri pozulduqda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna uyğun olaraq tədbirlər görülür.