Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının profilaktikasına dair yeni metodiki göstərişlər müəyyənləşib.
Azinformasiya.Az xəbər verir ki, bununla bağlı səhiyyə nazirinin müavini Elsevər Ağayev əmr imzalayıb.
Əmrə əsasən, geyim satışı ilə məşğul olan ticarət müəssisələrində paltardəyişmə otaqlarının fəaliyyətinə icazə verilir. Qeyd olunur ki, geyim dəyişmə otaqlarında hər müştəridən sonra dezinfeksiya işləri aparılmalıdır. Lakin kosmetik vasitələrin satışı ilə məşğul olan müsəssisələrdə nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağandır.
O cümlədən, bərbər və gözəllik salonlarına dair metodiki göstərişlərdə onlayn növbə qəbul sisteminin tətbiqi tövsiyə olunur.
Fərdi tədris və repetitor xidmətləri təklif edən müəssisələrdə onlayn tədris prosesinə üstünlük verilməli, fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir. Həmçinin tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir. Hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq havalandırılmalıdır.
Metodiki göstərişlərdə, həmçinin xidmət sahəsi müəssisələrində COVID-19-la mübarizə çərçivəsində görülməli tədbirlərə işçi heyətin azı 80%-nin “peyvənd sertifikatı”na və ya “immunitet sertifikatı”na malik olması tövsiyə olunur.