Xəbər verdiyimiz kimi, dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxs minaya düşüb.
Baş Prokurorluqdan Azinformasiya.Az-a verilən məlumata görə, faktla bağlı prokurorluq orqanları tərəfindən aparılan ilkin araşdırma ilə müəyyən edilib ki, “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Bəndəliyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.