Dövlət Sərhəd Xidmətinin mayoru Rövşən Cahangirov helikopter qəzasında şəhid olan hərbçilərin anım mərasimində operatora təzyiq etməsinə görə cəzalandırılıb.
Azinformasiya.Az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, mərasimdə baş verən insident araşdırılıb və nəzakətsiz davranışına görə Rövşən Cahangirov məzəmmət olunub.
Xatırladaq ki, anım mərasimi zamanı “Baku TV”nin əməkdaşı DSX rəisi Elçin Quliyevdən açıqlama almaq istəyərkən R.Cahangirov buna mane olub və operatoru itələyərək çəkiliş etməsinə icazə verməyib.
DSX-nin Aparat rəhbəri Elçin İbrahimov dünən müsahibəsində qeyd edib ki, həlak olmuş zabitlərlə vida mərasiminə gəlmiş bütün KİV nümayəndələri iş üçün hər cür şəraitlə təmin olunub: “Onlara həmçinin elan edildi ki, vida mərasimində DSX nümayəndələri tərəfindən hər hansı bir bəyanat və ya müsahibə verilməyəcək. KİV nümayəndələrinin bir çoxu bunu anlayışla qarşılayıb. Bu səbəbdən və bizi dəstəklədiklərinə görə onlara səmimi təşəkkürümü bildirirəm. Az əvvəl qeyd etdiyiniz olayı da incələdik və nəzakətsiz davranışına görə zabitimiz töhmət alıb”.