Saxlanılan erməni hərbçilərin sayı açıqlandı

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə ilkin məlumata görə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.

Müdafiə Nazirliyi daha sonra açıqlama yayaraq sərhəddə vəziyyətin gərgin olaraq qaldığını, hazırda döyüş əməliyyatlarının davam etdiyini bildirib.

Həmçinin qeyd edilib ki, Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.

“Qafqazinfo” xəbər verir ki, erməni mediası da hadisə ilə bağlı məlumatlar yayır. “Haykakan jamanak” nəşri bildirir ki, Zəngəzurda Çiçernakar dağında Ermənistan və Azərbaycan qoşunları arasında atışma gedir.

Ermənistanın “General News” nəşri isə ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən xəbər verir ki, davam edən döyüşlər zamanı Azərbaycan Ordusu tərəfindən 6 erməni hərbçi saxlanılıb. Məlumatı “Hraparak” nəşri də təsdiqləyib.

***

Haqqin.az saytı Azərbaycan və Ermənistanın hərbi mənbələrinə istinadən xəbər verir ki, hazırda hər iki tərəfdən aviasiyadan başqa, demək olar ki, bütün növ hərbi texnikalar cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir