“Burada hərbi əsirlərlə bağlı məsələlərə toxunuldu. 10 noyabr bəyanatının 8-ci bəndi hərbi əsirlərin təhvil verilməsini nəzərdə tutur. Azərbaycan bu bəndi tam şəkildə icra edib”.
Azinformasiya.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclasında Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın əsassız ittihamlarına cavab verərkən deyib.
“Bununla bağlı qeyd etmək istərdim ki, Rusiya Xarici İşlər Nazirliyinin 9 noyabr 2021-ci il tarixli bəyanatında qeyd edilir ki, 2 dekabr 2020-ci ilə qədər Rusiya Sülhməramlılarının iştirakı ilə 122 hərbi qulluqçu və saxlanılan şəxs öz ölkəsinə qaytarılıb. Onlardan 105 nəfəri Ermənistana, 17 nəfər isə Azərbaycana qaytarılıb.
Bununla yanaşı bəyanat imzalanandan və atəşkəsə dair saziş qüvvəyə mindikdən bir müddət sonra, 13-14 dekabr tarixlərində 62 nəfərdən ibarət silahlı şəxs Azərbaycan ərazisində saxlanılıb. Onlar bütün beynəlxalq normalara əsasən hərbi əsir sayılmırlar və bizim ölkəmizin ərazisinə diversiya məqsədilə daxil olmuşdular.
Bu səbəbdən hərbi əsir statusu onlara şamil edilmir. Ancaq, buna baxmayaraq, Azərbaycan xoş məram nümayiş etdirərək onlardan 29 nəfərini Ermənistana qaytarıb. Qalan 33 nəfər Azərbaycan məhkəmələri tərəfindən məhkum edilib və onlar cəzalarını çəkəcəklər”.