“Cia.az” informasiya portalının rəhbərinin ayrı-ayrı vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, ilkin araşdırmalarla “cia.az” informasiya portalının rəhbəri Novruzov Asəf Baxşəli oğlunun həmin saytın əməkdaşı Səfərov Məhsud Səfər oğlu ilə əlbir olaraq ayrı-ayrı dövlət qurumları, müəssisə və təşkilatların rəhbər vəzifəli şəxsləri barəsində həqiqəti əks etdirməyən, rüsvayedici, işgüzar imicə xələl gətirə biləcək məlumatları dərc edəcəkləri ilə hədələyərək onlardan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitini hədə-qorxu ilə tələb edərək almalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Asəf Novruzov və Məhsud Səfərov həmin məcəllənin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
İş üzrə həmin şəxslərin xidməti istifadələrində olan sahələrdə və üzərlərində axtarış aparılan zaman müxtəlif məbləğdə pul vəsaitinə dair qeydlər olan dəftərçələr və digər sübut əhəmiyyətli sənədlər aşkar olunaraq götürülüb.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.