Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsinə başlanılıb.
Azinformasiya.Az-ın məlumatına görə, deputat Hikmət Məmmədli qeyd edib ki, bəzi hallarda bayramın adının dəyişdirilməsi məsələsinə yanlış yanaşılır: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Dünyaya bəyan edərkən isə bunu “İstiqlal bəyannaməsi” şəklində bəyan etdilər.
Ona görə də bu gün istiqlal sözünə uyğun olaraq Müstəqillik Günü kimi qeyd edilməlidir. Çünki respublika sözü müstəqillik və istiqlal sözünün sinonimi deyil. Respublika bir dövlətin idarəetməsini bildirən termindir”.
***
Deputat Qüdrət Həsənquliyev qeyd edib ki, respublika sözü dövlət hakimiyyətinin idarə edilməsinə görədir: “Əslində dövlət müstəqilliyimiz 1918-ci ildə “İstiqlal bəyannaməsi” kimi elan olundu. Bu, o deməkdir ki, bizim müstəqilliyimiz elan olunurdu. Ona görə də biz tamamilə haqlı olaraq 28 May tarixini Müstəqillik Günü kimi qeyd etməliyik”.
***
Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, hər iki tarixdə bizi Müstəqillik Günü münasibətilə təbrik edirdilər: “Təbii ki, bu, doğru ifadə deyildi. Bir ölkənin iki müstəqilliyi ola bilməz. Hesab edirəm ki, bu qanun layihəsində həm 28 May, həm də 18 Oktyabr tarixləri daha dəqiq ifadə olunacaq”.
***
Deputat Əli Məsimli qeyd edib ki, qanun layihəsi ətrafında fikir ayrılığında qeyri-adi bir şey yoxdur: “İstiqlal sözü ilə Cümhuriyyət bir-birinə qarşı qoyulmur. Biz tarixi gerçəklikləri uyğunlaşdırmaqla düzgün addım atırıq. Bunları nəzərə alaraq, “Müstəqilliyin bərpası” günü kimi qeyri-iş günü hesab edilməlidir. Çünki Müstəqillik Günü bayram günü kimi qeyri-iş günüdür”.