24 may 1998-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilmiş; 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilmişdir. Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.
Ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyev də Azərbaycan polisinin inkişafında çox mühüm qərarlar qəbul etmişdir. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işləri həyata keçirilib. Azərbaycan polisi dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra onun qorunub saxlanılmasında, ölkədə ictimai sabitliyin təmin edilməsində və dövlətçiliyin möhkəmləndirilməsində xüsusi rolu olmaqla yanaşı, bu gün pandemiya dövründə də polis işçiləri öz peşə borclarını layiqincə yerinə yetirərək öz hərəkəti, davranışı ilə cəmiyyətə nümunə olmaqdadır. Azərbaycan polisinin işi yalnız insanları cinayətkardan yox, həm də insanları öz məsuliyyətsizliyindən qorumaqdır. Həftəsonu sərtləşdirilmiş karantin dövründə biz Azərbaycan polisinin fədəkarlığının şahidi olduq. Bu müddət ərzində polis qaydaları pozan insanları inzibati məsuliyyətə cəlb etməklə yanaşı təmkinlə onları evdə qalmağa dəvət etdilər, vətəndaşlarla koronavirus infeksiyasının nə qədər ciddi problemlər yaratdığı ilə bağlı maarifləndirmə işləri aparıblar. Son illərdə polisin belə nümunəvi hərəkətləri barədə çoxsaylı faktlar var. Bu gün polisə olan münasibət kökündən dəyişib. Artıq insanlar polisi özünə güvənc yeri hesab edir. Məhz ona görə də cənab Prezident İlham Əliyev pandemiya dövründə həkimlərlə yanaşı, polisin rolunu da yüksək dəyərləndirib. Azərbaycan polisi bəşəri və dövlətçilik ənənələrinə sadiq qalaraq karantin rejimi dövründə gücləndirilmiş iş rejimində işləyən polislərimiz bir an olsun sayıqlıqlarını itirmədilər. Yorğunluğa, çətinliklərə baxmayaraq peşə fəaliyyətlərini layiqincə yerinə yetirib polis şərəfini hər şeydən üstün tutdular. Bu hərəkətləri ilə Azərbaycan polisi öz dövlətinə sədaqətdə ən yaxşı nümunə göstərmiş oldu. Hələ zamanında Ulu öndər Heydər Əliyev Azərbaycan polisinin dövlətçiliyimizin sadiq köməkçisi və qulluqçusu adlandırıb.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Həmçinin Azərbaycan polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.
Azinformasiya.az xəbər portalı kollektivi adından 2 iyul Azərbaycan Polis Günü münasibətilə başda daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov olmaqla, Daxili İşlər Nazirliyi heyətini səmimi qəlbdən təbrik edirik, can sağlığı və işlərində uğurlar arzu edirik.
Azinformasiya.az