Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə müzakirə aparacaq.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib.
“Ümidimiz hələ də var. Məqsədimiz liderləri bir araya gətirməkdir. Rusiya ilə Ukrayna arasında sülh iki liderin bir araya gəlməsi ilə əldə oluna bilər. Cənab Putin cənab Ərdoğanla telefon danışığında hər dəfə Zelenski ilə görüşmək istədiyini, müzakirələrə hazır olduğunu bildirir. Eyni zamanda Ukrayna lideri də müzakirələrə açıq olduğunu deyir”, – o vurğulayıb.
M.Çavuşoğlu söyləyib ki, Ukrayna üçün ədalətli sülh əldə olunmalıdır: “Çünki torpaqları işğal altındadır”.
O xatırladıb ki, martın sonunda Rusiya və Ukrayna nümayəndələri İstanbulda bir araya gəliblər: “O zaman biz sülhün əldə olunacağı ilə bağlı daha ümidli idik”.
M.Çavuşoğlunun sözlərinə görə, hazırda yeni reallıqlar yaranıb: “Ukrayna üçün durum daha həssasdır. Çünki onun torpaqları işğal olunub”.
XİN başçısı bildirib ki, tərəflər zəif mövqedə masaya oturmaq istəmirlər: “Hər iki tərəf müharibənin qalibinin olmayacağını anlayanda onların müzakirə masasına qayıtmaları daha asan olacaq”.
M.Çavuşoğlu söyləyib ki, Ukraynada müharibənin uzanmasını istəyən Qərb ölkələri var: “Sülh üçün onları da razı salmaq lazımdır”.