Ərdoğan Azərbaycan Prezidentinə üstündə “Xarıbülbül” təsviri olan saatlar hədiyyə edib

Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə üstündə “Xarıbülbül” təsviri olan saatlar hədiyyə edib.

Azinformasiya.Az xəbər verir ki, qardaş ölkənin lideri üstündə Şuşanın simvolu sayılan “Xarıbülbül”ün əks olunduğu qol saatlarını Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra keçirilən görüşdə Azərbaycanın dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev deyib: “Təşəkkür edirəm. Gəlin, yaxından çəkin. Əziz qardaşım mənə bu gözəl saatları hədiyyə edib. “Xarıbülbül” təsviri də üstündə”.

Rəcəb Tayyib Ərdoğan: “Biz Şuşaya səfər etmişdik. Buradan Şuşa yaxındır. Saatların üstündə Şuşa var, “Xarıbülbül” də Şuşanın simvoludur”.

Prezident İlham Əliyev: “Bəli, elədir. Çox sağ olun, təşəkkür edirəm!”

Qeyd edək ki, R.T.Ərdoğan 2021-ci il iyunun 15-də Şuşada səfərdə olub. Həmin gün Azərbaycan və Türkiyə liderləri Şuşa şəhərində bəyannamə imzalayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir