Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) Nazirliyinin 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının sabiq vəzifəli şəxsi – Ağaməhəmməd Hüseynov barəsində cinayət işi açılıb.
Bu barədə “AZİNFORMASİYA.AZ”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin şəxsin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işinin ibtidai istintaqı başa çatdırılıb.
Belə ki, istintaqla Ağaməhəmməd Hüseynovun 2014-cü ildə 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləyərkən öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 16 nəfər şəxsə dair müvafiq sənədlərdə əlilliyin təyini müddəti bir il olduğu halda, həmin qeydləri dəyişib müddətsiz etməsinə, öz imzası və komissiyanın möhürü ilə təsdiq edib saxtalaşdırmasına, bu qanunsuz əməllərdən xəbərsiz olan Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsinin əməkdaşları tərəfindən sözügedən saxta sənədlər əsasında daimi olaraq əlilliyə görə pensiya təyinatı aparılaraq 2015-2020-ci illər ərzində ümumilikdə 148 min 460 manat artıq vəsaitin köçürülməsinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan sübutlarla Ağaməhəmməd Hüseynov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib, cinayət işi baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.
İstintaq zamanı dövlətə vurulan ziyanın bir hissəsinin ödənilməsi təmin olunub.